Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti Sərxan Sərxanın konsert proqramı təqdim olunub.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gerçəkləşən musiqi axşamında ifaçı sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnılarını səsləndirib. Musiqisevərlərin gur alqışları altında səhnəyə gələn klassik estrada sənətimizin canlı korifeyi gitarası ilə tamaşaçılarla səmimi ünsiyyət quraraq ifa etdiyi hər bir mahnının tarixçəsi haqqında söz açıb. 

Şux ifası, bir-birindən maraqlı mahnıları özünəməxsus tərzdə təqdim edən müğənni tamaşaçıların bol sevgisi və alqışlarının sədaları altında səhnədən pozitiv enerjsini ötürə bilib. Bütün konsert boyu tamaşaçların sevgisinin hərarəti və ifaçı üçün darıxmaları alqışların şiddətindən hiss olunub. Peşəkar ifa, səsin duruluğu, maraqlı improvizələrlə müğənni səhnəyə əsl meydan oxumağı bacarıb. Gecədə həmçinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Olqa Georgiyeva Xalq artisti ilə birgə səhnəni bölüşərək duet şəklində klassik romansları təqdim edib.