Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən (4-9 mart) Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı davam edir.
Festivalının üçüncü günü Azərbaycan Milli İncəsənət Muzeyində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (dirijor Xalq artisti Fəxrəddin Kərimov) iştirakı ilə "Musiqinin ruhu" adlı konsert proqramı təqdim olunub.
Konsertdə bəstəkarın “Min bir gecə” baletindən Şəhrizadın şənliyi və "Orgiya", Zərrin Əliyevanin ifasında “Sevgi rəqsi”, həmçinin “Nizami” simfoniyası səsləndirilib.
Eyni gündə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və dirijor Xalq artisti Ağaverdi Paşayev) iştirakı ilə konsert keçirilib.
Konsertin solistləri Əməkdar artistlər Çinarə Heydərova (qanun), Xəyyam Məmmədov (kamança), Aqşin Abdullayev, ifaçılar Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nurlan Əzizbəyli, Taleh Yahyayev olublar. Proqramda "Muğam poema", "Gülərəm gülsən", "Mən səni araram", "Laylay", "Evləri var xana-xana", "Kor ərəbin mahnısı" səsləndirilib.
Həmçinin orkestrin ifasında “Gözün aydın” musiqili komediyasından rəqs, "Kürd ovşarı" simfonik muğamından fraqmentlər, “Min bir gecə” baletindən Şəhrizadın şənliyi hərarətli alqışlarla qarşılanıb.