Xəbər verdiyimiz kimi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə 4-9 mart tarixlərində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçirilir.
Festival çərçivəsində martın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi bəstəkarın görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” pyesinin motivləri əsasında yazdığı opera nümayiş etdirilib.
Tamaşada Xalq artisti Azər Zeynalov (Balaş), Əməkdar artistlər İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev (Əbdüləli bəy), solistlər Fatimə Cəfərzadə (Sevil), Taleh Yahyayev (Atakişi), Fəhmin Əhmədli (Məmmədəli bəy), Esmira Məmmədova (Tafta), Məhəbbət Səfərov (Azançı) çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, xoreoqraf Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.