Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində yeni yaradılan Qədim xalq çalğı alətləri ansamblının konserti olub.

Konsertdən öncə qədim xalq çalğı alətləri nümayiş etdirilib. Nəfəsli alətlər, tar, rud, bərbət, oğuz qopuzu, Naxçıvan tənburu, çəqanə, rübab, çəng, ud, qanun olmaqla 25-ə yaxın digər alət təqdim edilib.

Sonra “Qədim musiqi alətlərinin təsviri rəssamlıq əsərlərində” adlı sərgiyə baxış keçirilib.

NDU və Musiqi Kollecinin müəllim və tələbələri tərəfindən təqdim edilən müxtəlif musiqi və rəqs nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. "Şüştər" rəngi, "Naxçıvan", "Alça gülü", "Sarı gəlin", "Gilənar", "Apardı sellər Saranı", "Güllü qafiyə" kimi musiqi kompozisiyaları xoş ovqat yaradıb.

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının İncəsənət fakültəsinin və Musiqi Kollecinin muxtar respublikanın mədəni həyatında mühüm rol oynadığını vurğulayıb. O, konsertlərin universitetin sənət ənənələrinə verdiyi töhfədən bəhs edib, ali təhsil ocağının ansambl və orkestrlərinin paytaxtda və ölkədən kənarda baş tutan uğurlu çıxışlarını diqqətə çatdırıb.

Elbrus İsayev kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, yeni yaradılan ansamblın yaradıcısı və bədii rəhbəri Musiqi Kollecinin müəllimi Fətəli Axundzadədir.