4-9 mart tarixlərində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək. Sənət şöləni Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə gerçəkləşəcək.

Festivalın proqramına əsasən, martın 4-də saat 12:00-da Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) həyat və yaradıcılığına həsr olunmuş elmi seminar təşkil ediləcək. Həmin gün saat 19:00-da Gəncə Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Orkestrinin bu mədəniyyət ocağında konserti olacaq. Eyni zamanda saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı və F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının konserti keçiriləcək.

Martın 5-də saat 19:00-da Bakı Musiqi Akademiyasının Opera studiyasında F.Əmirovun “Sevil” operası nümayiş olunacaq.

6 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyində (saat 13:00) “Gəncənin döyünən ürəyi” adlı film və kitabın təqdimatı keçiriləcək. Eyni zamanda muzeydə saat 15:00-da Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə “Musiqi ruhu” adlı konsert təşkil ediləcək. Həmin gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq.

Sənətsevərlər martın 7-si saat 19:00-da Heydər Əliyev Sarayında F.Əmirovun dünyaşöhrətli “Min bir gecə” baletinin tamaşasını izləyəcəklər. 

Martın 8-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Sevgi nəğmələri” adlı konsert proqramı, Gəncə Dövlət Filarmoniyasında isə kamera musiqisi axşamı keçiriləcək.

Martın 9-da Gəncə Dövlət Filarmoniyasında festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. Gecədə Gəncə filarmoniyasının yaradılmasının 90 illik yubileyi qeyd olunacaq.