Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Azərbaycan muğamı” layihəsi çərçivəsində təqdim etdiyi “Muğam dəstgahları” silsiləsindən bu dəfə “Rast” dəstgahına həsr olunan gecə keçirilib.

Fevralın 12-də gerçəkləşən konsert proqramında Muğam Televiziya Müsabiqəsinin laureatları Məhəbbət Səfərov, Xəyal Hüseynov və Mirəli Sarızadə çıxış ediblər.

Konsertdən əvvəl BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək qonaqları salamlayıb. Bildirib ki, layihədə təqdim edilən muğam və dəstgahlar haqqında ifalardan əvvəl qısa xülasə verilir bu da muğamla ilk tanışlığı olan dinləyicilərdə həmin dəstgah barədə təsəvvür yaradır. Direktor onu da diqqətə çatdırıb ki, Azərbaycan muğamının səciyyəvi cəhətlərindən biri də onun dramaturji xətlə ifa olunmasıdır. Zildən bəmə, pillə-pillə hər şöbə və guşələr arasında kiçik təsnif, rəng və dəramədlər olmaqla dinləyicini mərhələli şəkildə bir şöbədən digərinə hazırlayır. Direktor həmçinin vurğulayıb ki, ən vacib missiyalardan biri əcdadlarımızdan bizə miras qalan muğamlarımızı gələcək nəslə ötürməkdir. “Muğam dəstgahları” layihəsi də məhz bu amala xidmət edir. Biz ənənəni qoruyaraq ustad sənətkarlardan öyrənilən muğamları klassik formada, düzgün və olduğu kimi ötürməliyik. Sevindirici hal həm də odur ki, “Rast” muğamını təqdim edəcək hər üç xanəndə Muğam Televizya Müsabiqəsinin laureatlarıdır. Onların hər üçü eyni müəllimin, Əməkdar artist, pedaqoq Təyyar Bayramovun tələbəsidir. 

Direktor çıxışı zamanı muğam ictimaiyyəti və muğamsevərlər adından muğam sənətimizə göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.  

Xalq artisti, professor, tarzən Vamiq Məmmədəliyev “Rast”ın şöbələri haqqında məlumat verərək bu muğamın çox qədim olduğunu, uzun bir yol gəlməsinə baxmayaraq öz tonallığını qoruduğunu deyib. O, müasir günümüzdə muğam sənətinin tədrisində “Rast”ın proqram üzrə tələbələrə öyrənildiyini qeyd edib. Bildirib ki, hər ifaçının səsində öz məlahətində səslənən “Rast” muğamı görkəmli xanəndələr Məşədi Məmməd Fərzəliyev, Xan Şuşinski, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev, Vahid Abdullayev və digər tanınmış xanəndələrimizin ifasında səs xəzinəmizə daxil olub. Bu muğam mərdlik, dürüstlük rəmzidir.

Daha sonra xanəndələrin ifası dinlənilib. Konsert tamaşaçıların alqışları ilə qarşılanıb.