Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bursa şəhərindəki Atatürk Mədəniyyət və Konqres Mərkəzinin Orxanqazi salonunda Azərbaycanın Əməkdar artistləri – Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov və tarzən, Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru Sahib Paşazadənin iştirakı ilə simfonik konsert təqdim olunub.

Fuad İbrahimovun dirijorluğu ilə Bursa Bölgə Dövlət Simfonik Orkestri ilə çıxış edən musiqiçilərimizin ifaları böyük alqışla qarşılanıb.

Qeyd edək ki, Əməkdar artist, tarzən Sahib Paşazadə Bursa Bölgə Dövlət Simfonik Orkestri ilə ilk dəfə 2005-ci ildə Xalq artisti, dirijor Rauf Abdullayevlə birgə solo konsertlə çıxış etmişdi. Bundan əlavə, Xalq artistləri Fəxrəddin Kərimov, Yalçın Adıgözəlov, Əlixan Səmədov, Əməkdar artist Əyyub Quliyevin bu orkestrlə birgə çıxışları böyük maraq doğurub.

Budəfəki konsertin proqramı əsasənAzərbaycan bəstəkarlarının əsərlərindən ibarət olub. Konsertlə bağlı təəssüratını bölüşən Əməkdar artist Sahib Paşazadə deyib: “Fuad İbrahimovun peşəkar dirijorluğu ilə çıxışlarımız böyük rəğbətlə qarşılandı. Fuad İbrahimovla bir səhnəni bölüşmək mənə çox xoş idi. Çünki biz dirijor və solist kimi səhnədə bir-birimizi çox yaxşı hiss edir, musiqinin xüsusiyyətlərini, ifa olunan əsərin xarakterini ifadəli şəkildə tamaşaçılara ötürə bilirik.  Konsertdə Hacı Xanməmmədovun “Tar və orkestr üçün 2 nömrəli konsert”ini ifa etdikdən sonra tamaşaçıların çoxsaylı xahişi ilə əlavə olaraq “Çahargah” muğamını da solo olaraq türkiyəli musiqisevərlərə ərməğan etdim. Konserti izləyənlər sırasında Bursa vilayətinin rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin bölgədən olan millət vəkilləri, Azərbaycanın qardaş ölkədəki nümayəndəliklərinin əməkdaşları var idi”.

Konsertdə Xalq artisti Oqtay Zülfüqarovun xalqına məhəbbət və sədaqətini musiqinin dili ilə ifadə edən “Şənlən, mənim xalqım” əsəri, Azərbaycan muğamının dərin çalarları ilə simfonik orkestrin vəhdətində Hacı Xanməmmədovun  tar üçün yazdığı əsərin individual və daha dərin emosional səviyyədə təsiri tamaşaçılara xoş ovqat bəxş edib. Dirijor və orkestr, solist və orkestr tandemində əsərlərin ifadəliyi sanki insan duyğularını səhnəyə gətirmiş təəssüratı yaradıb.

Proqramda ifa olunan Qara Qarayevin “Leyli və Məcnun” süitası da tamaşaçıların könlünü oxşayıb. Ardınca səslənən P.İ Çaykovskinin “Romeo və Cülyetta” fantaziya-uvertürası Fuad İbrahimovun dirijorluğu ilə sanki Şərq və Qərbin iki böyük sevgi hekayəsinə yolçuluq edərək saf məhəbbətin zamansızlığına şahidlik edib.

Onu da qeyd edək ki, konsertdən öncə TRT kanalı azərbaycanlı musiqiçilərlə geniş müsahibə nümayiş etdirib. Konsert kanal vasitəsilə tam olaraq lentə alınıb və yaxın günlərdə TRT2 vasitəsilə nümayiş olunacaq.