Tarixdəki olaylar
6 iyul 1926 – Bakıda elektrikləşdirilmiş dəmir yolu (Bakı–Sabunçu xətti) istifadəyə verilib. Bu, SSRİ-də ilk elektrikli dəmir yolu idi. 1924-cü ildə şəhərdə tramvay xəttinin işə salınması ilə elektriklə işləyən ucuz nəqliyyat yolunun ətraf ərazilərə də çəkilməsi gündəmə gəlmişdi. Bakı–Sabunçu xətti ilə elektrik qatarları üçün yeni vağzal binası (Sabunçu vağzalı) da istifadəyə verilib. Hazırda bu binada Dəmir Yolu Muzeyi yerləşir.
6 iyul 1975 – Hind okeanındakı (Afrikanın şərqində) Qəmər adaları Federativ İslam Respublikası kimi müstəqilliyini elan edib. 2002-ci ildən Qəmər Adaları İttifaqı adlanır. Qəmər adaları XIX əsrin sonundan Fransanın nəzarətinə keçmişdi. Ərazisi 2,2 min kvadrat kilometrdir. 900 min nəfərə çatan (2010) əhalisinin əksəriyyəti müsəlmandır.
6 iyul 1993 – İqtisadi Əməkdaşlıq Təşkilatının (Economic Cooperation Organization – ECO) İstanbulda keçirilən zirvə toplantısında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən bəyanat qəbul olunub. Sammit iştirakçıları Ermənistanı işğalçılıq müharibəsini dayandırmağa çağırıblar. Azərbaycan rəhbəri Heydər Əliyev ölkədəki ağır vəziyyətlə əlaqədar sammitdə iştirak etmirdi. 1985-ci ildə əsası qoyulan ECO təşkilatına 10 müsəlman ölkəsi – Türkiyə, İran, Pakistan, Əfqanıstan, Mərkəzi Asiyanın beş respublikası (Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan) və Azərbaycan – daxildir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
6 iyul 1859 – İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916) Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859 – 20.5.1940) anadan olub.
6 iyul 1887 – Yəhudi əsilli rus-fransız rəssamı Mark Zaxaroviç Şaqal (Xaskeleviç; 1887–1985) anadan olub. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardın ən tanınmış simalarından biridir.
6 iyul 1918 – Yazıçı-tərcüməçi Şəfiqə Əli qızı Ağayeva (1918–1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının uşaq və yeniyetmələr üçün hekayə və povestlərini dilimizə tərcümə edib.
6 iyul 1947 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Xanlar Daşdəmir oğlu Cəfərov (1947–2016) anadan olub.
Hazırladı: Vüqar Orxan