Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli Sərəncamının icrası çərçivəsində Nazirlər Kabineti tərəfindən “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq (4 iyul 2025-ci il) edilib.

İyulun 11-də "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı Qaydalar"ın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov bu təşəbbüsün yerli kino sənayesinin inkişafında mühüm rol oynayacağını bildirib.

Rəşad Əzizov qeyd edib ki, Azərbaycan ərazisində istehsal edilən filmlər üzrə çəkilmiş xərclərin 40 faizə qədəri dövlət tərəfindən geri ödəniləcək. 2023-2025-ci illər ərzində bu istiqamətdə görülmüş işlər, hüquqi sənədlər və tətbiq olunacaq mexanizmlər ictimaiyyətə təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin 29 may 2025-ci il tarixli Sərəncamı və Nazirlər Kabinetinin 4 iyul 2025-ci il tarixli Qərarı ilə film istehsalına dövlət dəstəyi mexanizmi təsdiqlənib.

Onun sözlərinə görə, qərara əsasən, filmlərin istehsalı üçün çəkilmiş xərclərin 40 faizə qədəri geri ödəniləcək. "Bu proses kino sənayesinin inkişafına böyük təkan verəcək. Təsdiq edilmiş qərar nəticəsində yeni iş yerləri formalaşacaq, mədəni yaradıcı sənayelərin kino sahəsində həcmi artacaq. Geri ödəniləcək xərclərin 25 faizi əsas rebeyt, 15 faizi isə mədəni senzə dair əlavə rebeytdir. Bununla da artıq yerli şirkətlər yüksək keyfiyyətə malik avadanlıqların istehsalına təkan verə biləcək".

ARKA-nın baş direktoru vurğulayıb ki, bu təşəbbüs ölkədə film istehsalına investisiyaları artırmaq, beynəlxalq prodüserləri cəlb etmək və yerli kino sənayesinin inkişafını sürətləndirmək məqsədi daşıyır.

O diqqətə çatdırıb ki, qarşıya insan kapitalının formalaşdırılması, yerli kino istehsalçılarının potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret hədəflər qoyulub.

"Qarşıda duran məqsəd ondan ibarətdir ki, Azərbaycanın kino sənayesi təkcə regionda deyil, beynəlxalq miqyasda da tanınsın. Artıq Qəbələdə, Qubada və digər bölgələrdə müxtəlif beynəlxalq filmlərin çəkilməsi təcrübəsi var, o cümlədən Pakistan, Hindistan, Rusiya kimi ölkələrdən olan istehsalçılar burada çəkilişlər aparıblar. Bu qaydaların tətbiqi ilə Azərbaycanın film sənayesinə maraq daha da artacaq. Artıq inkişaf etmiş kino sənayesi olan ölkələrin prodüserləri ölkəmizdə işləməyə həvəs göstərəcək. Mədəniyyət Nazirliyinin bu sahədə irəli sürdüyü təşəbbüs, Müşahidə Şurasının fəaliyyəti və özəl sektorun dəstəyi ilə ölkəmiz yeni bir mərhələyə qədəm qoyacaq", – deyə Rəşad Əzizov əlavə edib.

ARKA baş direktorunun sözlərinə görə, atılan addımlar kino sənayesində həm dövlət, həm də özəl sektorun aktiv rol almasına şərait yaradacaq. Qaydaların şəffaf şəkildə tətbiqi, keyfiyyətə və peşəkarlığa əsaslanması, Azərbaycan kino sənayesini yeni inkişaf mərhələsinə çıxaracaq. Bu təşəbbüs həm də ölkəmizin brend kimi təqdimatına və beynəlxalq platformalarda tanınmasına mühüm töhfə verəcək.