Otuz ildən çoxdur ölkəmizdə fəaliyyət göstərən bp şirkəti (Böyük Britaniya) Azərbaycanın tarixində neftin həlledici rolunu araşdıran yeni tədqiqat layihəsini təqdim edib.
Şirkətin dəstəyi ilə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun “Neftimizin Avropaya uzun yolu" kitabı nəşr olunub.
İyulun 10-da Bakı Kitab Mərkəzində nəşrin təqdimatı keçirilib.
Bu təşəbbüs bp-nin Azərbaycanın zəngin tarixi və mədəni irsinin, o cümlədən onun enerji sahəsindəki möhtəşəm mirasının tədqiqi və təbliğinə verdiyi davamlı dəstəyinin bir hissəsidir. Layihə təkcə tarixi araşdırmalara töhfə verməklə kifayətlənmir, həm də neftin millətin kimliyinin və ölkənin qlobal tərəfdaşlıqlarının formalaşmasında oynadığı strateji rolu bir daha vurğulayır.
258 səhifədən ibarət kitab Azərbaycanın neft və qaz sənayesinin inkişafını dörd əsas tarixi dövr üzrə sənədləşdirən ilk nəşrdir: Çar Rusiyası dövrü, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), sovet dövrü və müstəqilliyin bərpasından sonrakı postsovet dövrü.
Kitabın əvvəlində XIX əsrin ikinci yarısından başlayaraq Bakıda həyata keçirilən neft hasilatına dair ümumi məlumat təqdim olunur, neftin xarici bazarlara erkən ixracı və Azərbaycanın qlobal arenada ön plana çıxmasında strateji rolu vurğulanır.
Nəşrdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində aparılan müzakirələr, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında milli müstəqillik uğrunda neftdən bir vasitə kimi istifadə olunması üçün göstərdiyi səylər ətraflı şəkildə təhlil olunur.
Sonrakı fəsillərdə Azərbaycanda bolşevik işğalından sonra neft sənayesinin milliləşdirilməsi, Sovet neft siyasəti ilə bağlı məsələlər araşdırılır.
Kitabda, həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonrakı yeni neft erası, o cümlədən xarici neft şirkətləri ilə aparılan ilkin danışıqlar, qarşıya çıxan çətinliklər və Heydər Əliyevin liderliyi ilə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması əhatə olunub. Nəşrdə Azərbaycanın enerji tarixində dönüş nöqtəsi olan həmin dövrdə aparılan mürəkkəb danışıqlar, siyasi intriqalar və ölkənin təhlükəsizliyinə olan təhdidlər barədə dəyərli məlumatlar təqdim olunur.
Hərtərəfli arxiv araşdırmalarına və tarixi qəzet materiallarına əsaslanan və geniş oxucu auditoriyasına ünvanlanan kitab sadə nəql üslubunda qələmə alınıb. Nəşrdə Azərbaycanın neft ixracı və beynəlxalq danışıqları ilə bağlı nadir sənədlərə də yer verilib.
bp-nin dəstək verdiyi layihə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən həyata keçirilib.