Azərbaycanın müasir hərb tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Tovuz döyüşlərindən beş il ötür.   

2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb. Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.

Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.

Ermənilərin atdığı mərminin Tovuzun Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, 76 yaşlı ev sahibi Əziz Əzizov da şəhid olub. Bundan başqa, ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

***

Əlamətdar tarixin ildönümü ilə bağlı Milli Kitabxanada "Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı sərgi açılıb.

Sərgidə 2016-cı ilin Aprel döyüşlərindən, Tovuz döyüşlərindən və 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən, tarixi Zəfərin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən kitablar nümayiş olunur.