"Bülbülün qonaqları” layihəsi çərçivəsində Xalq şairi Səməd Vurğunun xatirəsi yad edilib.
Layihə Bülbülün Bakıdakı memorial muzeyi tərəfindən həyata keçirilir.
Tədbirdə çıxış edən muzeyin direktoru Fərqanə Cabbarova bildirib ki, Bülbülün sıx dostuq etdiyi şəxsiyyətlərdən biri də Səməd Vurğun olub. Onun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin təkrarsız səhifələrindən birini təşkil edir.
Səməd Vurğunun nəticəsi, tanınmış pianoçu, Səməd Vurğunun Bakıdakı ev-muzeyinin direktoru Vurğun Vəkilov tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib, dahi şəxsiyyətlərimizi yada salan layihənin əhəmiyyətini diqqətə çatdırıb.
Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əsəd Cahangir, Güləmayıl Murad şairin həyat və yaradıcılığından bəhs ediblər.
Vurğun Vəkilovun pianoda müşayiəti ilə Əməkdar artist, vokalçı Ramil Qasımov Səməd Vurğunun sözlərinə yazılmış "Şair, nə tez qocaldın sən!", gənc vokalçı İslama Abdullayeva "Aygün", "Bir diyarın eşqinə" romanslarını, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin üzvü aşıq İlqar Qələmçəli şairin "Dağlar" şeirini, "Baş dübeyti" havasını səsləndirib.
Qiraətçi Mircabir Cavadzadə Səməd Vurğunun "Ana" və "Azərbaycan" şeirlərini söyləyib.
Qeyd edək ki, “Bülbülün qonaqları” layihəsi çərçivəsində 1937-1961-ci illərdə Bülbülün yaşadığı bu evdə onun qonağı olmuş görkəmli şəxsiyyətlər yad olunur.