Tarixdəki olaylar
11 iyul Dünya Əhali Günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.
11 iyul 1921 – Monqolustan dövlət müstəqilliyini elan edib. Bolşevik Rusiyasının hərbi köməyi ilə Çin hökmranlığına qarşı başlanan inqilab qələbə ilə nəticələnib, Monqolustanda xalq hakimiyyəti bərqərar olub. 1924-cü ildə Monqolustan Xalq Respublikasının yarandığı elan edildi. Monqolustan XVII əsrdə Çinin nəzarəti altına keçmişdi.
11 iyul 1990 – Erməni təxribat dəstəsi Tərtər-Kəlbəcər sərnişin avtobusunu partladıb, dinc insanları gülləbaran edib. Terror aktı nəticəsində 14 azərbaycanlı öldürülüb, 35 nəfər yaralanıb.
11 iyul 1995 – Keçmiş Yuqoslaviyanın süqutu nəticəsində meydana gələn müharibə gedişində Bosniyanın Srebrenitsa şəhərində müsəlman əhaliyə qarşı soyqırımı başlanıb. General Ratko Mladiçin başçılıq etdiyi serb qoşunları bir həftə ərzində şəhərdə 16 yaşdan yuxarı kişi əhalini – 8 mindən çox insanı qətlə yetirib. Qırğın bölgədəki BMT “sülhməramlı” kontingentinin gözü qarşısında baş verib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
11 iyul 1892 – Amerika aktyoru, kinodramaturq, “Oskar” mükafatçısı Tomas Con Mitçell (Thomas John Mitchell; 1892–1962) anadan olub.
11 iyul 1926 – Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam, baş rəssam işləyib, Musiqili Komediya Teatrında tamaşalara səhnə tərtibatı verib.
11 iyul 1926 – Tarix elmləri doktoru Şövkət Əzizağa qızı Tağıyeva (1926–2015) anadan olub. Cənubi Azərbaycan və İran tarixinə dair tədqiqatların müəllifidir.
11 iyul 1937 – Əməkdar rəssam Əkrəm Qulam oğlu Həsənzadə (1937 – 22.11.2007) anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunda çalışıb. Rəssamlar İttifaqının bölmə müdiri olub.
11 iyul 2006 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 – 2006) vəfat edib. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Ölsəm, bağışla” və s. filmlərə quruluş verib.
11 iyul 2023 – Xalq rəssamı, heykəltaraş Fazil İmamverdi oğlu Nəcəfov (16.2.1935 – 2023) vəfat edib. Bəstəkar Qara Qarayevin Bakıdakı abidəsinin, “İçərişəhər qadınları”, “Həyatın mərtəbələri”, “Minillik insan” və s. əsərlərin müəllifidir.
Hazırladı: Vüqar Orxan