İyunun 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

İclası institutun direktoru akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. O, AMEA-nın institut və təşkilatlarında elmi-tədqiqat işlərinin keyfiyyətini artırmaq, daha səmərəli fikir mübadiləsi aparmaq məqsədilə hesabat iclaslarına AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşlarının da təhkim edildiyini bildirib.

İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı hesabatı təqdim edərək 2025-ci ilin yarım ilinin müəssisə üçün elmi nailiyyətlər baxımından əhəmiyyətli olduğunu bildirib. O, ölkə rəhbərinin “2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında”, Seyid Əzim Şirvaninin 190, Üzeyir Hacıbəylinin 140, Bəxtiyar Vahabzadənin 100, Fikrət Qocanın 90 illiyinin, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi, Azərbaycan milli mətbuatının 150 illik yubileyi haqqında sərəncamlarına əsasən institutda görülmüş işlərdən bəhs edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti, Qırğızıstan Milli Elmlər Akademiyası və Beynəlxalq Mihay Eminesku Akademiyası arasında anlaşma memorandumları, həmçinin elmi-tədqiqat işləri, elektron elmin vəziyyəti, institutun nəşriyyat fəaliyyəti, kadr hazırlığı, beynəlxalq əlaqələr, müəssisə tərəfindən keçirilmiş konfrans, sessiya, eləcə də əməkdaşların xaricdə keçirilmiş beynəlxalq tədbirlərdə iştirakı barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, institutda fəlsəfə doktoru hazırlığı üzrə 16 doktorant, 20 dissertant, elmlər doktoru hazırlığı üzrə 3 doktorant, 21 dissertant təhsil alır. Növbəti tədris ili üçün doktorantura və dissertanturaya sənəd verənlərin sayı 34-ə çatıb.

Sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, dosent Elnarə Akimova, şöbə müdiri professor İmamverdi Həmidov, baş elmi işçi professor Qəzənfər Paşayev, şöbə müdiri professor Tahirə Məmməd, aparıcı elmi işçi filologiya elmləri doktoru Esmira Fuad, şöbə müdiri filologiya elmləri doktoru Asif Rüstəmli və institutun direktor müavini dosent Mehman Həsənli çıxış edərək cari ilin I yarısı üçün olan hesabatı qənaətbəxş hesab edib, şöbələrin fəaliyyət istiqamətləri, görüləcək işlər barədə məlumat veriblər.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri müasir dünyanın sosial-iqtisadi və mədəni-mənəvi çağırışları, eləcə də dövlətin ideoloji prioritetləri kontekstində Ədəbiyyat İnstitutunun fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, son zamanlar elektron elm sahəsində reallaşdırılan layihələr, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı sahəsində əldə olunmuş uğurlar institutun fəaliyyətinin genişləndiyini bir daha sübut edir.

Tədbirdə filologiya elmləri doktoru Fəridə Əzizovanın “Nizami və Füzuli”, filologiya üzrə fəlsəfə doktoru Səltənət Əliyevanın “Qazi Bürhanəddinin bədii irsi İslam mədəniyyəti kontekstində (genezis və poetika)”, filologiya elmləri doktoru Fikrət Əhmədovun “Gəncəli Sabahi: həyat yolu və ədəbi irsi”, filologiya elmləri doktoru Kifayət Məmmədovanın “Qulamrza Səbri Təbrizi: ömür yolu və ədəbi irsi”, filologiya elmləri doktoru, dosent Rauf Sadıxovun “Cəfər Bünyadzadənin həyatı və yaradıcılığı” monoqrafiyalarının, eləcə də “Qarabağın qadın şairləri” kitabının çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.

İclasa yekun vuran akademik İsa Həbibbəyli institut əməkdaşlarının ümumi fəaliyyətinə nəzər salıb, nəşr olunmuş yeni kitabların elmi əhəmiyyətini vurğulayıb. Birinci yarımil ərzində 37 kitabın nəşri, 15 kitabın isə çap prosesində olması məqbul hesab edilib.

Akademik İsa Həbibbəyli növbəti 6 ay ərzində elmi tədqiqatların əhatə dairəsinin daha da genişlənəcəyinə, yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib, bəzi qeyd və təkliflərini bildiib.