
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyi ilə “Azərbaycan kinooperatorları” kitabı (rus dilində) nəşr olunub.
AKİ-dən bildirilib ki, Əməkdar incəsənət xadimi Rafael Qəmbərovun müəllifi olduğu yazdığı kitabda kinooperatorların dünyanı necə fəth etməsi, peşə zövqünün çalarları, rejissor işi, operator işi, yazıçı təxəyyülü və hər üçünün birgə əməkdaşlığından, Əlisəttar Atakişiyev, Teyyub Axundov, Xan Babayev və digər görkəmli Azərbaycan kinooperatorlarının dəst-xətindən bəhs edilib.
Dərs vəsaiti kimi nəzərdə tutulmuş kitabda ustad kinematoqrafçıların kinoda qazanıb miras qoyduqları təcrübədən, eyni zamanda görkəmli kinooperatorların, rejissorların, rəssamların, aktyorların və bəstəkarların özünəməxsus kino dəst-xəttindən ətraflı bəhs olunur. Ümumi məlumatlarla yanaşı, kino təsvirinin tədqiqatına da geniş yer ayrılıb.
Kitabın ərsəyə gəlməsində müəllif – 16 bədii, 30-dan çox sənədli filmlər çəkmiş yüksək kateqoriyalı kinooperator Rafael Qəmbərovla yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Operator fakültəsinin IV kurs tələbələri də iştirak ediblər. Kitabda gənc kinematoqrafçılar Məmməd Əmin Əlizadə, Sadiq Əliverdibəyli, Babək Abbaszadə, Samir Əliyev, İsmayıl Cəfərov və Adil Məmmədovun məqalələri də yer alıb.
Nəşrin redaktoru Əməkdar incəsənət xadimi, ədəbiyyatşünas, publisist, tərcüməçi İntiqam Qasımzadə, rəyçilər Əməkdar incəsənət xadimləri – rejissor Hüseyn Mehdiyev, operator Rafiq Quliyevdir.