Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayevlə görüş keçirilib.

Bu barədə AKİ məlumat yayıb.

Liseyin rəisi Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev çıxış edərək görüşün əhəmiyyətindən danışıb, Rasim Balayevin görkəmli sənətkar kimi Azərbaycan mədəniyyətində və gənclərin vətənpərvər ruhda formalaşmasında oynadığı mühüm rolu vurğulayıb.

AKİ sədri kursantlar və zabit-müəllim heyəti ilə səmimi söhbət aparıb. O, Azərbaycan kinosu ilə bağlı fikirlərini bölüşüb, kinoda milli obrazların, qəhrəmanlığı və vətənpərvərliyi təbliğ edən filmlərin əhəmiyyətindən danışıb.

Sənətkar  auditoriyanın istəyilə böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin “Neylərəm” qəzəlini söyləyib.  

Görüşdə Xalq artistinin həyat və yaradıcılığını əks etdirən videoçarx da nümayiş etdirilib.

Tədbirin sonunda Rasim Balayevə gül dəstəsi və liseyin xatirə plakatı təqdim olunub. Xatirə şəkli çəkdirilib.