Gəncə Dövlət Milli Dram Teatrında Gürcüstanın Ozurgeti Milli Dram Teatrı ilə birgə layihə çərçivəsində Nodar Dumbadzenin "Kukaraça" əsərinin premyerası olub.
Layihə iki teatr arasında imzalanmış əməkdaşlıq memorandum əsasında ərsəyə gəlib. Səhnə əsərinin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.
Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, səhnə tərtibatçısı Rustavi teatrının baş rəssamı Lomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı Zeynəb Hüseynovadır.
Tamaşanın növbəti premyerası iyunun 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olacaq.
“Kukaraça” N.Dumbadzenin eyniadlı povesti əsasında səhnələşdirilmiş tamaşadır. Əsərin baş qəhrəmanı – Kukaraça ləqəbli Georgi Tuşuraşvili polis inspektoru vəzifəsində çalışır. Lakin o, tipik bir hüquq-mühafizə orqanı əməkdaşı deyil. Kukaraça insanlara qarşı səmimi, qayğıkeş münasibəti, ədalətə və vicdana əsaslanan davranışı ilə seçilir. Əsər mənəviyyat, insanlıq və fədakarlıq kimi ali dəyərləri ön plana çəkir.