Xəbər verdiyimiz kimi, Laçında "MDB-nin Mədəniyyət Paytaxtı 2025" ilinin açılış tədbirləri çərçivəsində "Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi də təşkil edilib. Sərgi Laçın şəhərindəki "Yurd" qalereyasında açılıb.
Sərgi MDB coğrafiyasında zəngin mədəniyyət və incəsənət nümunələrini bir araya gətirərək, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməyi hədəfləyir.
Burada Rusiyadan Yuliya Jukova, Belarusdan Kirill Orsik, Özbəkistandan Bobir Vaxobjanov, Qırğızıstandan Aıyp Alakunov, Qazaxıstandan Oralbek Kaboke, Tacikistandan Abdurahim Caborov, Azərbaycandan Vüqar Əliyev, Azər Abdullayev və Eldar Babazadənin əsərləri sərgilənib.
"MDB-nin Mədəniyyət Paytaxtı 2025" ilinin açılışına qatılan qonaqlar iştirakçı ölkələrin mədəni irsinin gözəlliyini və müxtəlifliyini nümayiş etdirən sərgi ilə tanış olublar. “Art in Action” layihəsi çərçivəsində ərsəyə gələn "Birlik rəngləri" onlarda dərin təəssürat yaradıb.
Sərgidə iştirak edən hər bir rəssam Laçın şəhəri haqqında özünəməxsus üslubunu və baxış bucağını da kətana köçürüb. Bu kollektiv proses sənətçilərin bir-birindən ilham almasına, fərqli texnikaları birləşdirməsinə və vahid bir mövzu ətrafında cəmləşməsinə imkan yaradıb.
Yeddi ölkədən doqquz rəssamın öz bacarıqlarını birləşdirərək yaratdıqları tablo tədbirdən xatirə olaraq Laçın şəhərinə hədiyyə ediləcək.