İyunun 3-də Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimə rəsmilər, mədəniyyət, elm xadimləri, MDB ölkələrindən nümayəndə heyətləri qatılıb.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli diqqətə çatdırıb ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin Mədəniyyət Paytaxtı” elan olunub.
Nazir vurğulayıb ki, bu qərar mühüm sosial-mədəni əhəmiyyət daşıyır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin təzahürüdür. Laçın şəhərinin “MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi onun mədəni dirçəlişi üçün də əlavə təkan olacaq.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Laçın rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə işğal zamanı dağıdılıb talan edilmiş tarixi-mədəni irsin bərpası da diqqətdə saxlanılır.
MDB baş katibinin müavini Nurlan Seytimov bu gün Laçında keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Laçının “MDB-nin Mədəniyyət Paytaxtı” elan olunması təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm hadisədir. Bu təşəbbüs mədəni əməkdaşlığın genişlənməsinə, həmçinin azad edilmiş ərazilərin dirçəlişinə töhfə verəcək.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri Polad Bülbüloğlu qeyd edib ki, bu gün biz Laçının Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı kimi yüksək status almasının sevincini yaşayırıq. Bu əlamətdar hadisə Laçının zəngin mədəni irsinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, bu gün bir çox mədəniyyət xadimləri buradadır və bu da Laçının Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsinin bariz nümunəsidir.
"Bizim üçün bu proqramın həyata keçirilməsi böyük sevinc doğurur. Mənə elə gəlir ki, bu proqram çox düzgün şəkildə və məqsədəuyğun olaraq icra olunur. Bu prosesə verdiyi dəstəyə görə Müstəqil Dövlətlər Birliyinin əlaqələndirici qurumlarına ayrıca təşəkkürümü bildirmək istəyirəm", - deyə Mixail Şvıdkoy qeyd edib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov xatırladıb ki, işğal illərində Laçında və digər ərazilərimizdə tarixi abidələrimizə qarşı vandallıq aktı törədilib. O qeyd edib ki, 217 mədəniyyət, 101 təhsil və 142 tibb müəssisəsi, 462 ticarət obyektləri, 30 rabitə və bir çox sənaye obyektləri məhv edilib. 54 dünya əhəmiyyətli tarixi abidə və 200 yerli əhəmiyyətə malik abidəyə xeyli ziyan dəyib.
***
Çıxışlardan sonra Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədova “Birliyin Mədəniyyət Paytaxtı” sertifikatı təqdim edilib.
Laçının işğal dövründə məruz qaldığı dağıntıları və Azərbaycanın bu bölgədə bərpa-quruculuq prosesini əks etdirən videoçarx nümayiş olunub.
Videomaterialda Laçının işğal zamanı məruz qaldığı dağıntıların görüntüləri, həmçinin işğaldan azad olunduqdan sonra rayonda həyata keçirilən bərpa və quruculuq işlərini əks etdirən kadrlar yer alıb.
Açılış tədbiri bədi hissə ilə davam edib.