Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illiyi haqqında sərəncamından irəli gələrək bölglərdəki mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.

***

Salyan rayon Mədəniyyət Mərkəzində “Bəxtiyar Vahabzadə işığında” adlı ədəbi-bədii gecə təşkil edilib. 

Gecədə Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil Bayramov, YAP rayon təşkilatının sədri Elmar Əhmədov, İcra Hakimiyyətinin nümayəndəsi Məhərrəm Məmmədov, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, Xalq şairi Bəxtiyar Vahabzadənin poeziyası bu gün də dillər əzbəridir. 

Bədii hissədə Bəxtiyar Vahabzadənin şeirləri səsləndirilib, sözlərinə bəstələnən mahnılar ifa olunub, müxtəlif kompozisiyalar təqdim edilib. 

*** 

Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə idarə və təşkilat rəhbərləri, veteran mədəniyyət işçiləri, şəhid ailələri, ziyalılar və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. 

Çıxış edənlər görkəmli şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb, onun poeziyasından, dramaturgiyaya gətirdiyi yeniliklərdən bəhs ediblər. Bildirilib ki, B.Vahabzadə əsərlərində insanı daim mənəvi ucalığa səsləyib, poetik-fəlsəfi məzmunlu yaradıcılığı ilə poeziyamıza layiqli töhfələr verib. Onun yaradıcılığında istiqlaliyyət, vətənpərvərlik ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm daşıyır. 

Tədbirdə bədii qiraətçilər və solistlər şairin şeirlərini səsləndirib, sözlərinə bəstələnən mahnılar ifa ediblər. 

*** 

Biləsuvar rayon Mərkəzi Kitabxanası və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Həyat, sən nə şirinsən?..” adlı ədəbi-bədii gecə keçirilib. 

Gecədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, mədəniyyət işçiləri, “Xəzinə” ədəbi birliyinin üzvləri iştirak ediblər. 

Çıxış edənlər B.Vahabzadənin poeziyasının milli ruh və mənəvi dəyərlərlə zəngin olduğunu vurğulayıblar. Bildirilib ki, onun “Gülüstan” poeması, “Vətən”, “Ana”, “Azərbaycan” kimi şeirləri bu gün də aktuallığını qoruyur, oxucunun qəlbinə yol tapır. Şairin poeziyası milli özünüdərkə, milli-mənəvi dirçəlişə çağırışdır. Onun misralarında həm saf məhəbbət, həm də sarsılmaz vətən sevgisi var. 

Tədbirin bədii hissəsində ölməz şairin dərin mənalı şeirləri səsləndirilib, solistlərin ifasında onun sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

Hazırladı: N.Məmmədli