Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi (ARKA) və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə İstanbulda “Azərbaycan kinosu günləri” keçirilib.
12-14 may tarixlərini əhatə edən layihə çərçivəsində Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə son illərdə istehsal olunan filmlər nümayiş etdirilib.
Kino günlərinin açılış mərasimində AMM-in direktoru Samir Abbasov çıxış edib.
Layihə üzrə Bahçeşehir Universiteti, İstanbul Universiteti və "Atlas" kinoteatrında müvafiq olaraq Elxan Cəfərovun “Cənnət yuxusu”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləri türkiyəli kinosevərlərə təqdim olunub.
Qardaş ölkənin kino xadimlərinin də izlədiyi hər üç film maraqla qarşılanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin rəsmiləri ilə görüşü olub, əməkdaşlıq barədə müzakirələr aparılıb.