22 aprel Beynəlxalq Yer Günüdür. Yer Günü (Earth Day) 1971-ci ildən ABŞ-də ayrı-ayrı ştatlar tərəfindən qeyd olunub və tədricən beynəlxalq miqyas qazanıb. 22 aprel 2009-cu ildə BMT Baş Assambleyası Beynəlxalq Ana-Yer Günü (International Mother Earth Day) haqqında qətnamə qəbul edib. Bu il əlamətdar gün üçün "Bizim gücümüz, bizim planetimiz" mövzusu seçilib.
Tarixdəki olaylar
22 aprel 1918 – Zaqafqaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı deputatların fraksiyasına (44 nəfər) M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başçılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Yusifbəyli, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı. Mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.
22 aprel 1920 – Azərbaycan Xalq Cümhuriyyətinin sayca altıncı hökumət kabinetinin təşkili iflasa uğrayıb. Parlamentdəki fraksiyalar arasında ciddi fikir ayrılığı səbəbindən Məmmədhəsən Hacinski (“Müsavat”) yeni kabinetə rəhbərlik etməkdən imtina edib və bolşeviklərin sırasına (Azərbaycan K(b)P) keçib. Altı gün sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
22 aprel 1996 – Prezident Heydər Əliyevin Brüsselə səfəri gedişində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb. Aİ-nin bütün ölkələri tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixdə qüvvəyə minən saziş Azərbaycana iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid, demokratiyanın möhkəmlənməsi, sosial, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində dəstək və yardımı əhatə edirdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
22 aprel 1724 – Alman filosofu İmmanuel Kant (1724 – 12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.
22 aprel 1894 – Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov (1894 – 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Türk İşçi, Akademik Dram, Musiqili Komediya teatrlarında işləyib. “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Görüş”, “Şərikli çörək” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
22 aprel 1899 – Rus yazıçısı Vladimir Vladimiroviç Nabokov (1899 – 2.7.1977) anadan olub. 1919-cu ildə mühacirətə gedib, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.
22 aprel 1911 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 – 25.5.1991) Zəngəzur mahalının Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.
22 aprel 1912 – Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 – 10.5.1994) anadan olub.
22 aprel 1922 – Amerika caz musiqisinin məşhur nümayəndəsi Çarlz Maqnus (Charles Mingus; 1922 – 5.1.1979) anadan olub.
22 aprel 1935 – Əməkdar artist Firdovsi Qiyas oğlu Naibov (1935 – 29.11.2009) Ağdamda doğulub. Milli Dram, Gənc Tamaşaçılar teatrlarının aktyor olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
22 aprel 1942 – Görkəmli aktyor, Əməkdar artist Həsən Abbasqulu oğlu Əbluc (1942 – 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı” və s.) maraqlı obrazlar yaradıb, “Pəncərə” filminə quruluş verib. Filmlərin səsləndirilməsində iştirak edib.
22 aprel 1943 – Amerika şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2020) Luiza Qlük (Louise Elisabeth Glück; 1943 – 13.10.2023) anadan olub.
22 aprel 1983 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (16.9.1909 – 1983) vəfat edib. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib.
Hazırladı: Vüqar Orxan