Tarixdəki olaylar

 

19 aprel 1783 – İmperatriçə II Yekaterina Krımın Rusiyaya birləşdirilməsi barədə manifest imzalayıb. 1768–1774-cü illər müharibəsində Rusiyaya məğlub olan Osmanlı dövləti Krıma nəzarəti itirmişdi.

 

19 aprel 1971 – Qərbi Afrikada müstəmləkəçilikdən qurtulan Sierra Leone Respublikasının yaradıldığı elan edilib. Ölkə XVI əsrdən əvvəlcə Portuqaliyanın, sonra isə Britaniyanın (1961-ci ilədək) müstəmləkəsi olmuşdu.

 

19 aprel 1991 – Bakı şəhərində 1990-cı ilin 20 yanvarından qüvvədə olan qadağan (komendant) saatı rejimi ləğv edilib.

 

19 aprel 1995 – ABŞ-nin Oklahoma şəhərində (eyniadlı ştat) federal binada partlayış törədilib. İfrat sağ təmayüllü Timoti Makvey və Terri Nikolas tərəfindən təşkil edilən partlayışda 168 nəfər həlak olub. Bu, 11 sentyabr 2001-ci il hadisələrinə qədər ABŞ-də baş verən ən böyük terror aktı idi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

19 aprel 1832 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904) Xose Eçerqay-i-Eysagirre (José Echegaray y Eizaguirre; 1832 – 4.9.1916) anadan olub. 60-dan çox dram əsərinin yarısını nəzmlə yazıb.

 

19 aprel 1899 – Türkiyənin tanınmış rəssamı Cemal Sait Tollu (1899 – 26.7.1968) İstanbulda doğulub. Kubizm cərəyanının təmsilçisi olub.

 

19 aprel 1905 – Məşhur memar, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Ələsgər oğlu Hüseynov (1905 – 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.

 

19 aprel 1907 – Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 – 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.

 

19 aprel 1920 – Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 – 5.12.1996) Zaqatalada anadan olub. “Nəğməli könül”, “Məhəbbət olmayanda”, uşaqlar üçün “Lalənin kitabı”, “Atlas yarpaqlar” və s. kitabların müəllifidir.

 

19 aprel 1927 – Əməkdar artist Tamara Nuran qızı Məmmədova (1927–2000) Naxçıvanda doğulub. Naxçıvan Musiqili Dram Teatrının aktrisası olub.

 

19 aprel 1954 – Tanınmış rejissor, aktyor Rövşən Əziz oğlu Almuradlı (1954 – 2.4.2019) Bakıda doğulub. Şəki, Sumqayıt, Mingəçevir, Akademik Milli Dram teatrlarında tamaşalara, “Yük”, “Cavad xan” filmlərinə quruluş verib.

Hazırladı: Vüqar Orxan