Qazaxıstanın tanınmış ictimai-siyasi xadimi Mustafa Şokayın nəticəsi telejurnalist Gülbarşın Zairova və "Atamnın amanatı – atalar əhdi" İctimai Birliyinin nümayəndələri aprelin 16-da Azərbaycan Milli Kitabxanasına olublar.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Qonaqları salamlayan Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov kitabxana haqqında ümumi məlumat verib. Qazaxıstan Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanasının əlaqələrindən bəhs edən direktor qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmasından, "Ədəbiyyat guşə"lərinin açılışından söhbət açıb. İki kitabxana arasında əlaqələrin genişlənməsinin, kitab mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Qonaqlar Milli Kitabxana ilə maraqla tanış olublar.
Sonda Kərim Tahirov Milli Kitabxananın nəşrlərindən olan bir sıra kitabları qonaqlara hədiyyə edib. Mustafa Şokayın nəticəsi telejurnalist Gülbarşın Zairova isə Qazaxıstanın tanınmış ictimai-siyasi xadiminə həsr olunmuş 7 kitabı Azərbaycan Milli Kitabxanasının fonduna bağışlayıb.