
Aprelin 18-i saat 19:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “Narimanfilm” kinostudiyasının maliyyə dəstəyi ilə çəkilmiş “Doğma torpaq” tammetrajlı bədii filminin premyerası keçiriləcək.
“Narimanfilm”də istehsal edilən film 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunan torpaqlarında, xüsusilə, Şuşada çəkilən ilk bədii ekran əsəridir.
Quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat və prodüseri Nəriman Məmmədov olan filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi işıqlandırılır: indiki Ermənistan ərazisində – tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi.
Filmdə hadisələr Azərbaycanın müstəqilliyini yeni bərpa etdiyi çətin və məsuliyyətli bir dövrü – 1992-ci ili əhatə edir. Ekran əsəri həm bədii-estetik dəyəri, həm də milli yaddaşın formalaşmasına verəcəyi töhfə baxımından əhəmiyyətli layihədir.
Filmin bir sıra ölkələrdə nümayişi və beynəlxalq festivallarda iştirakı nəzərdə tutulur.
Ekran işinin ərsəyə gəlməsinə “PASHA Holding”, “United Alliance Group”, “Gazelli Group”, “AzMade Group”, CMS, “Azersun Holding” şirkətləri, “Caspian Energy Club” və İTV də dəstək göstərib.
Filmin çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılıb.
Ekran əsəri aprelin 24-dən kinoteatrlarda nümayiş olunacaq.