
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bölgələrdə kino günləri ilə bağlı layihəsi davam edir. nə başlayır.
AKİ-dən bildirilib ki, 16–30 aprel tarixlərində layihə Zərdab, Ucar, Göyçay, Yevlax və Ağdaş rayonlarını əhatə edəcək.
Tamaşaçılara Azərbaycan müasir kinosunun nümunələri – rejissorlar Aydın Arslanın “Aktyor”, Ruslan Ağazadənin “Balaca”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Orxan Ağazadənin “Oturacaqlar”, Teymur Qəmbərovun “Quxuroba”, Mirsadıq Ağazadənin “Eviniz abad” qısa və tammetrajlı bədii filmləri təqdim olunacaq.
Kino günlərinin proqramında həmçinin Vahid Talıbovun “Lağım” və “Arzular.. arzular”, Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü” qısametrajlı animasiya filmləri, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovanın “Unudulmuş arzular” qısametrajlı sənədli filmləri yer alıb.
Nümayişlərlə bərabər filmlərin yaradıcı heyəti və kinotənqidçi Aygün Aslanlı tamaşaçılarla müzakirələr aparacaq.