Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə Gəncədə “Mədəniyyət rüzgarı” adlı silsilə tədbirlər (8-12 aprel) keçirilib. Bu çərçivədə muzey əməkdaşları üçün "Muzeylərin əsas vəzifələri: fondlar, elmi kütləvi və ekspozisiya işi, muzey işinin üç sütunu" mövzusunda təlim də təşkil olunub.
MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və Gəncə-Daşkəsən RMİ-nin əməkdaşı Tacir Qurbanov çıxış edərək muzey əməkdaşlarının sahə üzrə yeni metod və üsulları mənimsəməsi baxımından təlimin əhəmiyyətini diqqətə çatdırıblar.
Təlimdə Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Göygöl, Daşkəsən rayonları üzrə muzey əməkdaşları iştirak ediblər.
Azərbaycan İstiqlal Muzeyinin elmi fond işləri üzrə direktor müavini Əməkdar mədəniyyət işçisi Aida Axundova muzey işinin təşkili, fond və ekspozisiya zallarının müasir standartlara uyğun qurulması, eksponatların mühafizə qaydaları, təqdimat zamanı muzey bələdçisinin rəqəmsal vasitələrdən istifadəsi kimi mövzular ətrafında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Muzey işinin təşkilinə dair müzakirələr və fikir mübadiləsi aparılıb.