Aprelin 14-ü görkəmli dövlət xadimi, həkim, yazıçı, publisist Nəriman Nərimanovun (1870–1925) anadan olmasının 155-ci ildönümüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Nəriman Nərimanov –155” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron topluda müxtəlif bölmələr üzrə materiallarla yanaşı, AMEA Tarix və Etnologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyevin “Nəriman Nərimanov və Azərbaycanın milli maraqları”, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Doktor Nərimanov bir metaforanın qurbanı” kimi məqalələrinin tam mətni də təqdim edilir. Elektron bazada Nəriman Nərimanovun yaradıcılıq nümunələrinin, məcmuələrdə, dövri mətbuatda dərc edilmiş məqalələrinin, imzaladığı dekretlərin, məruzə və çıxışların siyahıları da yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Nəriman Nərimanovun oğluna bitməmiş məktubu”, “Dissertasiya və avtoreferatlar”, “Xatirəsinin əbədiləşdirilməsi”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, kitablarının virtual sərgisi də təqdim edilir.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.