Aprelin 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil olunan konsertdən öncə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Azərbaycan professional musiqisinin banisi, publisist, pedaqoq, ictimai xadim Üzeyir bəyin ömür yolundan və bənzərsiz yaradıcılığından danışıb.

Konsertdə BMA-nın professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova və onun tələbələri Səma Mustafayeva, Leyla Balayeva, Samirə Kazımlı, Natəvan Səlimova, Zöhrə Ramazanlı, Çinarə Səmədova, Arzu Məhərrəmova Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

Konsertdə Ülviyyə Hacıbəyovanın fortepiano üçün işləməsi olan Niyazinin “Rast” simfonik muğamının ilk ifası böyük maraqla qarşılanıb.