Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin tar və kamança ixtisasları üzrə müəllim və şagird heyəti üçün ustad dərsləri keçirilib.

Mərkəzdən verilən məlumata görə, Sabirabad şəhərindəki Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbində təşkil olunan ustad dərslərinin məqsədi uşaq musiqi və incəsənət məktəblərində təhsil prosesinin peşəkar səviyyədə qurulması, eləcə də bu sahədə fəaliyyət göstərən müəllimlərin və şagirdlərin peşəkarlığının, bilik səviyyəsinin artırılmasını təmin etməkdir.

Aprelin 3-dən 8-dək davam edən dərslərdə tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, təkmilləşdirilməsi, daha səmərəli təşkil edilməsinə nəzarət və yerlərdə lazımi metodiki köməkliyin göstərilməsinə diqqət ayrılıb.

Ustad dərslərini tar ixtisası üzrə MEMİM-in Təhlil, təlim və tədris şöbəsinin müdiri Əməkdar artist Neymət Mürsəlov, kamança ixtisası üzrə Bakı şəhəri Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Fariz Hüseynov keçiblər.

Dərslərin sonunda diskussiya xarakterli fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.