10-13 aprel tarixlərində Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək.

Aprelin 10-da saat 15:00-dan etibarən paytaxtımızın sakinləri və qonaqları Dənizkənarı Milli Parkda yaradılan müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olacaqlar. Həmçinin tədbir çərçivəsində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq.

Eyni zamanda aprelin 10-da Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.

Xatırladaq ki, bundan əvvəl ölkəmizdə Qətər Mədəniyyəti Günləri 2009-cu ildə keçirilib. 2010-cu ildə isə Körfəz ölkəsində ilk dəfə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunub.

2024-cü ilin fevral ayında Qətərdə keçirilən növbəti Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb.