Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçiriləcək.
Mərkəzdən bildirilib ki, 8-9 aprel tarixlərində Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbində təşkil olunacaq ustad dərslərini Əməkdar artist, opera ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Svetlana Əhmədova aparacaqlar.
Ustad dərslərinin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin müasir norma və tələblərə müvafiq tənzimlənməsi, yerlərdə lazımi metodiki köməkliyin göstərilməsi, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılmasından ibarətdir.
***
MEMİM-in təşkilatçılığı, Gəncə Dövlət Universitetinin dəstəyi ilə aprelin 8-də “Musiqidə milli ənənələrin təcəssümü” mövzusunda elmi-praktik seminar keçiriləcək.
Gəncə Dövlət Universitetində baş tutacaq seminarın məqsədi milli bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərini gənc nəslə çatdırmaqdır.
Elmi seminarda mövzu ətrafında mütəxəssislərin çıxışı və musiqi proqramı planlaşdırılıb.
***
Mərkəzin “Sənətkarın dostu” layihəsi üzrə növbəti görüş də bu dəfə Gəncədə reallaşacaq. MEMİM-in təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə aprelin 9-da layihə çərçivəsində Xalq artisti, xanəndə Teyyub Aslanovla görüş olacaq.
Gəncə filarmoniyasında reallaşacaq görüşdə Teyyub Aslanov muğam ifaçılığının tarixi və inkişaf istiqamətlərindən, onun milli musiqi mədəniyyətinin əsas tərkib hissələrindən biri kimi əhəmiyyətindən, bu sənətin son illərdə xüsusilə gənclər arasında gördüyü rəğbətdən, eləcə də muğamın tədrisi məsələlərindən danışacaq.
İnteraktiv formatlı görüşdə xanəndəlik sənəti ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
***
Aprelin 10-da isə Gəncədə MEMİM-in təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yeni tədris modulları əsasında növbəti təlim keçiriləcək
Gəncə şəhəri və ətraf rayonları əhatə edəcək təlim kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və rəqəmsal resurslardan istifadəsini təmin etmək məqsədi daşıyır. Təlimdə “İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında təqdimatlar nəzərdə tutulub.