Aprelin 5-də Qazaxıstanın Aktau şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı – 2025" ilinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva, TÜRKSOY-un baş katibi Sultan Raev, təşkilata üzv dövlətlərin mədəniyyət nazirləri və müavinləri, Türk Dövlətləri Təşkilatının nümayəndələri, Qazaxıstanın Mangistau vilayəti və Aktau şəhəri akimliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti təmsil olunub.
Açılış mərasimində nazir Aida Balaeva Prezident Kasım-Jomart Tokayevin adından ünvanlanmış təbrik məktubunu səsləndirib. Dövlət başçısının müraciətində deyilir: “Tarixi Mangistau torpaqları və zəngin Üstyurt bölgəsi türk sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Bu müqəddəs torpaq xalqımızın və bütün Türk dünyasının əsrlər boyu formalaşmış mənəvi irsini qoruyub saxlayır. Ənənələri və tarixi ortaq olan xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi bizim ümumi vəzifəmizdir”.
Digər rəsmilərin çıxışından sonra Türk dünyası incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala-konsert olub.
Konsertdə ölkəmizdən 20-dən çox incəsənət ustası maraqlı ifası ilə tədbirə rəng qatıb.
Gecədə 600 dronun iştirakı ilə maraqlı işıq şousu nümayiş etdirilib. Dronlar eyni anda səmaya qalxaraq qu quşları, sayqaklar, günəş, ay, qopuz musiqi aləti, eləcə də ox və yay fiqurlarını canlandırıb. Bununla yanaşı, Qazaxıstanın Dövlət Bayrağının görüntüsü və “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” sözləri səma üzərində canlandırılıb.
Tədbir çərçivəsində müxtəlif türk xalqlarının nümayəndələri öz milli musiqi alətlərində ifalar təqdim edib, milli geyimlərdə ənənəvi rəqslər nümayiş etdiriblər.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən təhvil alıb.
Xatırladaq ki, ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı 2021-ci ildə keçirilib), Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Ölkəmizdən son olaraq bu missiyanı 2023-cü ildə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri yerinə yetirib.