Aprelin 4-də “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib.

Konfrans Türkiyədə keçirilən “61-ci Kitabxana Həftəsi” tədbirləri çərçivəsində Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs universitetlərinin aidiyyəti bölümlərinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Onlayn konfransda BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, Bartın Universiteti İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri dosent Ahmet Altay, eləcə də Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs universitetlərinin, BDU-nun müəllim və tələbələri iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iştirakçıları salamlayaraq “61-ci Kitabxana Həftəsi” münasibətilə hər kəsi təbrik edib. Azərbaycanın ən böyük kitabxanası olan Milli Kitabxana haqqında iştirakçılara ətraflı məlumat verən direktor Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya miqyasında tanıdılmasında xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirdiklərini, 94 ölkənin kitabxanası ilə kitab mübadiləsi aparıldığını, 54 ölkənin Milli Kitabxanası ilə əməkdaşlıq memorandumu imzalandığını diqqətə çatdırıb.

Yaxın gələcəkdə Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası ilə də memorandum imzalanacağını bildirən Kərim Tahirov belə tədbirlərin hər iki ölkənin kitabxana işçiləri və tələbələrinə ölkənin ən böyük və aparıcı kitabxanaları ilə tanış olmaq, onların zəngin kitab fondlarından və onlayn xidmətlərindən istifadə etmək imkanı yaradacağını, qarşılıqlı əlaqələrin qurulmasında mühüm rol oynayacağını vurğulayıb.

Türkiyə CumhurbaşkanlığıMillət Kitabxanasının direktoru Ayhan Tuğlu da 2015-ci ildə yaradılan kitabxananın fəaliyyəti haqqında ətraflı bəhs edib. Qeyd edib ki, Türkiyənin ən böyük kitabxanası öz fondlarına və xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları sırasında yer alır. O, Azərbaycan Milli Kitabxanası ilə qarşılıqlı əlaqələrin qurulmasından və birgə fəaliyyətdən məmnun olacağını bildirib.

Görüşdə iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.