Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 8-12 aprel tarixlərində Gəncə şəhərində “Mədəniyyət rüzgarı” adı altında ustad dərsləri, elmi seminar, maarifləndirici infotur, təlimlər və s. tədbirlərin təşkilini planlaşdırır.

MEMİM-dən verilən məlumata görə, tədbirlər silsiləsi mərkəzin indiyədək reallaşan layihələri əsasında keçiriləcək.

Gəncə şəhəri və ətraf rayonların uşaq musiqi və incəsənət məktəblərinin şagird-müəllim kontingenti üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri, “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar, “Sənətkarın dostu”, “Nəsildən-nəslə teatr”, “Mədəni irsini qoru” layihələrinin, həmçinin kitabxana və muzey işçiləri üçün təlimlərin təşkili bölgədə mədəni mühitinə öz müsbət təsirini göstərəcək.