Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə xanəndə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artistlər – tarzən Sahib Paşazadə və kamança ifaçısı Xəyyam Məmmədov Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun tələbələrinə mühazirələr oxuyub və ustad dərsləri keçiblər.

Ustad dərsləri AMM-in Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu, habelə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu ilə razılaşma əsasında Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması layihəsi çərçivəsində təşkil olunub.

AMM-dən bildirilib ki, mühazirədən əvvəl azərbaycanlı sənətkarlar fakültələrdə tədrisin təşkili ilə tanış olub, müəllim heyəti ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Zabit Nəbizadə və Xəyyam Məmmədov mənəvi zənginliyin, təhsilin və tərbiyənin artırılmasında Azərbaycan milli muğam sənətinin və özbək milli makom sənətinin əhəmiyyətindən danışıblar. Azərbaycan muğamları, xalq mahnıları, təsnifləri haqqında geniş məlumat verərək onların ifa üslubu, muğamda qəzəl seçimi kimi məsələləri tamaşaçılara izah ediblər. Ustad dərsləri çərçivəsində muğamlarımız ifa olunub, dəsgah anlayışı, şöbələrin ardıcıllığı ustalıqla dinləyicilərə çatdırılıb.

Sahib Paşazadə yeddi əsas Azərbaycan muğamının xarakter, ifa xüsusiyyətləri, başqa ölkələrin muğamlarından fərqli cəhətlərini professor və tələbə heyətinə izah edib. Bundan başqa, tar ifaçılığında Azərbaycan bəstəkarlarının əsərlərinin interpretasiya üslubu, alətin texniki və bədii imkanları haqqında geniş məlumat verərək bir neçə Azərbaycan bəstəkarının əsərlərini ifa edib. Hər ifadan sonra isə əsərin ifa traktovkası izah olunub.

Qeyd edək ki, bir neçə gün davam edən ustad dərslərində Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndələri, müəllimlər, tələbələr və media nümayəndələri iştirak ediblər.