M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının aprel ayı üzrə repertuarında bir neçə bəstəkarın yubileyi ilə bağlı konsertlər nəzərdə tutulub.
Aprelin 11-də Hacıbəyovlar nəslinin görkəmli nümayəndələri – bəstəkarlar Soltan Hacıbəyovun 105 və İsmayıl Hacıbəyovun 75 illiklərinə həsr olunmuş konsert keçiriləcək.
Filarmoniyadan bildirilib ki, musiqili gecədə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri hər iki bəstəkarın əsərlərini səsləndirəcək.
Aprelin 20-də isə Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçılarından biri, dahi Qara Qarayevin sinfini bitirən Leonid Vaynşteynin 80 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xoru (bədii rəhbər Dilarə Əliyeva) L.Vaynşteynin əsərlərindən ibarət maraqlı proqramla çıxış edəcək.