Tarixdəki olaylar

 

1 aprel bir sıra ölkələrdə “gülüş və zarafat günü” kimi qeyd olunur. Avropada XVI əsrdən qeyd olunmağa başlanıb. 1564-cü ildə Fransada IX Karl yeni təqvim ilinin ənənəvi olaraq qeyd edilən 1 apreldən 1 yanvara keçirilməsi barədə fərman vermişdi. Buna rəğmən uzun illər insanlar zarafatla 1 apreli “yeni il bayramı” kimi qeyd ediblər. Sonradan bu tarix yalançı (aldatma) günü kimi ənənə halını alıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

1 aprel 1809 – Rus yazıçı-dramaturqu Nikolay Vasilyeviç Qoqol (Yanovski; 1809 – 4.3.1852) anadan olub.

 

1 aprel 1873 – Rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873 – 28.3.1943) anadan olub.

 

1 aprel 1905 – Əməkdar incəsənət xadimi, kinooperator Əsgər Cəfər oğlu İsmayılov (1905 – 13.11.1983) Tiflisdə doğulub. “Azərbaycanfilm” kinostudiyasında bədii (“Qara daşlar”, “Kölgələr sürünür”) və sənədli filmlərin operatoru olub.

 

1 aprel 1916 – Şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 – 7.5.1968) anadan olub. Şeirlərinə mahnılar bəstələnib. Radio və Televiziya Verilişləri Komitəsinin sədri işləyib.

 

1 aprel 1921 – Əməkdar mədəniyyət işçisi Əminə Cəfər qızı Cəfərova (1921–2005) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında səs texniki işləyib. 

 

1 aprel 1924 – Xalq artisti, müğənni Abdulla Murtuz oğlu Babayev (1924 – 10.3.2015) Naxçıvan MR Babək rayonunun Tumbul kəndində anadan olub.

 

1 aprel 1929 – Məşhur xanəndə Ələsgər Baba oğlu Abdullayev (Şəkili Ələsgər; 1866–1929) vəfat edib.

 

1 aprel 1941 – Əməkdar memar Əminə Zaur qızı Vəkilova (1941–2021) anadan olub.

 

1 aprel 1949 – Dilçi alim, Əməkdar elm xadimi Nizami Manaf oğlu Xudiyev (1949 – 25.5.2021) Naxçıvan MR Şahbuz rayonunda anadan olub.

 

1 aprel 1950 – Tanınmış tərcüməçi, filoloq Vilayət Tapdıq oğlu Hacıyev (1950 – 4.4.2023) Qazax rayonunun Sofulu kəndində doğulub. Alman dilindən Azərbaycan dilinə və əksinə bir çox əsərləri tərcümə edib.

 

1 aprel 1954 – Əməkdar incəsənət xadimi, opera müğənnisi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884 – 1954) vəfat edib. 

 

1 aprel 1980 – Görkəmli aktyor, Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 6.1.1907 – 1980) vəfat edib.

 

1 aprel 1981 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910 – 1981) vəfat edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938–1939), kinematoqrafiya naziri (1945–1948) olub.

 

1 aprel 2014 – Xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (Muğanna; 12.6.1928 – 2014) vəfat edib. “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

 

1 aprel 2022 – Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov (3.5.1940 – 2022) vəfat edib. Qazax Dram Teatrında işləyib, Mingəçevir Dram Teatrının baş rejissoru və direktoru olub. 

 

1 aprel 2024 – Arxeoloq, tarix elmləri doktoru, professor Qüdrət Seyfulla oğlu İsmayılzadə (24.10.1934 – 2024) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan