Fransanın Mayenne şəhərində keçirilmiş Novruz bayramı şənliyində ölkəmizi Azərbaycan Mədəniyyət Assosiasiyası (Association Culturel d’Azerbaijan en Mayenne - ACAM) təmsil edib.
Novruz şənliyində Azərbaycanla bərabər Türkiyə, Ukrayna, Suriya, İraq, Əfqanıstan, Tunis, Rusiya (Dağıstan) və Qazaxıstan nümayəndələri də iştirak ediblər.
Müxtəlif xalqların musiqi və rəqs nömrələri nümayiş etdirilib, milli mətbəxlərdən hazırlanmış ləziz təamlar qonaqlara təqdim olunub. Tədbir iştirakçıları Novruzun sevincini birlikdə bölüşərək bayramın əsl ruhunu yaşayıblar.
Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Mirzə Məmmədov çıxış edərək mədəniyyətimiz və milli dəyərlərimiz, eləcə də Novruz adət-ənənələri haqqında məlumat verib. O, həmçinin Novruz bayramının 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edildiyini, hər il 21 martın Beynəlxalq Novruz Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Mirzə Məmmədov daha sonra gitarada Azərbaycan musiqisindən nümunələr ifa edib.