Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Novıy Urenqoy şəhərində yerləşən “Sinyaya Ptitsa” uşaq teatrında azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” nağıl-pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın martın 23-də premyerası olub.

Balaca aktyorların ifasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Natalia Ermilovadır.

Qeyd edək ki, “Qarınqulu ayı balası” pyesi ötən il Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında, eləcə də Bryansk vilayətinin Mqlin şəhər 2 nömrəli orta məktəbinin “Kolobok” kukla teatrında səhnələşdirilərək uşaqlara təqdim olunub.

Xatırladaq ki, Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” nağıl kitabı 2017-ci ildə işıq üzü görüb. Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulan nağıl sevimli heyvanların dili ilə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürmək, eləcə də uşaqlara düzgün danışmağın xeyrini göstərmək məqsədini daşıyır.