Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda Novruz bayramı münasibətilə muğam konserti təşkil olunub.
Strasburqun mərkəzində yerləşən Sən-Pyer-lö-Jön kilsəsində keçirilən konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Novruz bayramı və xalqımızın mədəni irsi barədə ətraflı məlumat verib. O, 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2009-cı ildə isə Novruzun UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.
Konsertdə Rövşən Qurbanov (tar) və Toğrul Əsədullayevin (kamança) müşayiəti ilə gənc xanəndələr Rəvanə Qurbanova və Mirələm Mirələmov Novruz bayramı və baharın gəlişini vəsf edən musiqi parçaları ifa ediblər. Azərbaycan muğamının könül oxşayan nümunələri rəğbət və alqışlarla qarşılanıb.
***
Londonda da Novruz bayramı qeyd edilib. Tədbir “City, University of London”un Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, “Queen Mary”, “Imperial College London” və “UCL” universitetlərindəki Azərbaycan cəmiyyətlərinin dəstəyi ilə reallaşıb.
Bayram şənliyi Azərbaycan mədəniyyətini və Novruzun qədim ənənələrini tanıtmaq məqsədilə təşkil edilib. Tədbirdə tələbələr və qonaqlar üçün milli musiqilər səsləndirilib, rəqslər nümayiş olunub və bayrama məxsus şirniyyatlar təqdim edilib. Novruzun əsas simvollarından olan səməni, boyanmış yumurtalar və şamlarla bəzədilmiş məkan tədbir iştirakçılarına bayram ab-havası yaşadıb.
***
Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Poznan şəhərində yerləşən Adam Mitskeviç Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə bu ali təhsil ocağında təhsil alan azərbaycanlı, eləcə də polyak və xarici tələbələr iştirak ediblər.
Səfir Nərgiz Qurbanova Novruz bayramının ölkəmizdə qədim zamanlardan bəri qeyd olunduğunu, bu bayramın özünəməxsusluğu ilə seçildiyini, Novruzun yeni gün, yeni həyat mənasını daşıdığını, Novruzda həyatın canlandığını qeyd edib. O, Novruz adətlərindən bəhs edərək bu bayramın Azərbaycan poeziyasında silinməz izlər buraxdığını, dahi Nizaminin “Xəmsə”sində Novruzla bağlı adətləri qələmə aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Adam Mitskeviç Universitetin prorektoru Rafal Vitkovski ali təhsil ocağında çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığına diqqət çəkərək, onların Novruz bayramının birgə qeyd edilməsi təşəbbüsünə belə ruh yüksəkliyi ilə qoşulmasını təqdirəlayiq hal kimi qiymətləndirib və iştirakçıların Novruz bayramını təbrik edib.
Azərbaycanlı və xarici tələbələrin ifasında Azərbaycan mahnıları və rəqs nümunələri, habelə ölkəmizin zəngin mədəniyyəti, o cümlədən Novruz adət-ənənələri ilə bağlı təqdimatlar iştirakçılar tərəfindən böyük maraq və çoşqu ilə qarşılanıb.
Səfirliyin dəstəyi ilə Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi ilə birgə Varşava şəhərindəki Asiya və Sakit Okean Muzeyində də Novruz bayramı qeyd olunub. Mərkəzin rəhbəri Şəhla Kazımova “Azərbaycanda Novruz: ənənə və rəmzlər” mövzusunda məruzə ilə çıxış edib. İştirakçılara Novruz bayramının tarixi, çərşənbələr, Novruz süfrələri və digər Novruz adətləri barədə məlumat verilib.
Tədbirlərin sonunda qonaqlara səfirlik tərəfindən hazırlanmış Novruz xonçaları təqdim edilib.