Novruz bayramı günü 5000 nəfər qazax milli geyimində Aktau şəhərində toplaşaraq “Qazax milli geyimində ən çox insan sayı” nominasiyasında "Ginnesin rekordlar kitabı"na düşüb.
Mangistau Vilayəti Akimliyindən verilən məlumata görə, “Best Fest Nauryz” adlı tədbir üçün 5500-dən çox insan qeydiyyatdan keçərək qazax xalqının mədəni irsinin dünya səviyyəsində populyarlaşmasına öz töhfələrini veriblər. İştirakçılar arasında müxtəlif sahələrin nümayəndələri, etnik qruplar, yaşlı nəsil, həmçinin vilayətin müxtəlif kəndlərindən və ölkənin digər bölgələrindən xüsusi olaraq gəlmiş sakinlər olub.
Rekordun qeydə alınması mərasimi Xəzər dənizi sahilində keçirilib. Qeydiyyatdan keçmiş iştirakçılar xüsusi hazırlanmış məkanda toplaşıblar. Rekordun qeydə alınması prosesini isə Böyük Britaniyadan gəlmiş "Ginnesin rekordlar kitabı"nın rəsmi nümayəndələri izləyiblər.
Bir neçə saat davam edən hesablama prosesi nəticəsində bütün tələblərin tam yerinə yetirildiyi təsdiqlənib. Qazaxıstana yeni dünya rekordunun qeydə alınmasını təsdiq edən rəsmi sertifikat təqdim olunub.