Martın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Tədbir AMEA-nın Folklor İnstitutu, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti Aşıq Ənənəsi Tətbiq və Araşdırma Mərkəzi, Tovuz Xeyriyyə Cəmiyyəti və Dünya Qarapapaq Türkləri Vəqfinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli simpoziumu açaraq Mikayıl Azaflının həyat və yaradıcılığından danışıb, onun Azərbaycanın saz sənətinin tanınması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib. Azərbaycan aşıq sənətinin qədim tarixə və zəngin ənənələrə malik olduğunu deyən akademik vurğulayıb ki, aşıq ədəbiyyatının əsasını Türk dünyasında Dədə Qorqud qoymuşdur. “Kitabi-Dədə Qorqud” dastanı tarixdə Türk dünyasının vəhdətini qoruyub saxlayan ortaq mədəniyyətimiz və ədəbiyyatımızdır.
Akademik qeyd edib ki, Azərbaycan xalqı özünün Aşıq Qurbani, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Pəri, Aşıq Ələsgər kimi ustad sənətkarlarını yetişdirib. Bu sənətin zirvəsində olan Aşıq Ələsgər öz yaradıcılığı ilə böyük ənənələri layiqincə yaşadıb.
Sovet dövründə də aşıq ədəbiyyatının inkişaf etdiyini və Azərbaycan Aşıqlar Birliyinin yaradıldığını söyləyən İsa Həbibbəyli Aşıq Şəmşir və Mikayıl Azaflı kimi qüdrətli söz ustadlarının aşıq sənətini daha da zənginləşdirdiklərini qeyd edib. O, Mikayıl Azaflı yaradıcılığının hələ sovet dövründə xalqın milli-mənəvi varlığının təbliğinə həsr olunduğunu diqqətə çatdırıb.
AMEA rəhbəri nitqinin sonunda tədbirin Mikayıl Azaflı sənətini bir daha işıqlandırmaq, aşıq poeziyasını onun yaradıcılığı fonunda yenidən dəyərləndirilmək baxımından aktual olduğunu vurğulayıb.
Simpoziumda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Qəzənfər Paşayev, Ərzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkasyalı və Almaniyadan olan tədqiqatçı aşıq Ozan Şiar Ağdaşanın məruzələri dinlənilib.
Məruzələrdə Mikayıl Azaflı yaradıcılığının Azərbaycan mədəniyyəti üçün əhəmiyyətindən və onun aşıq sənətinə verdiyi töhfələrdən bəhs olunub. Bildirilib ki, Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq olub. O, təkcə aşıq sənətini kamil bilməyi ilə deyil, eləcə də şairlik təbinə malik olmağı ilə seçilib.
Qeyd olunub ki, Mikayıl Azaflı yaradıcılığının ana xəttini fəlsəfi fikirlər təşkil edib. Onun şeirlərində həyat fəlsəfəsi özünü bariz şəkildə göstərib. Ustad sənətkarın yaradıcılığına dissertasiya həsr edən türkiyəli tədqiqatçı Ali Kafkasyalı Azaflını “Müasir Azərbaycan aşıqlarının bayraqdarı” adlandırıb.
Sonra çıxış edən Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev diqqətə çatdırıb ki, Mikayıl Azaflı Azərbaycan aşıq poeziyasını mükəmməl şeir nümunələri və gözəl aşıq havaları ilə zənginləşdirib, klassik ənənələrin müasir dövrə ötürülməsində körpü rolunu oynayıb. Hikmət Quliyev ustad aşığın keşməkeşli taleyi, qaçaqlıq və zindan həyatının onun yaradıcılığına da təsir etdiyini və ictimai məzmunlu, dövrdən, zamandan şikayət ruhlu şeirlərinin ortaya çıxmasına səbəb olduğunu söyləyib.
Folklor İnstitutunun direktoru beynəlxalq elmi simpoziumun Mikayıl Azaflı yaradıcılığının müasir dövrün imkanları kontekstində yenidən gündəmə gətirilməsi, gənc nəsillərə çatdırılması, eləcə də elmi yanaşma və baxışlar əsasında dərindən öyrənilməsi baxımından önəmini qeyd edib.
Beynəlxalq elmi simpozium öz işini 8 bölmə iclası (əyani və onlayn) üzrə davam etdirib.
Tədbirin yekununda Aşıq Mikayıl Azaflı yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.
Qeyd edək ki, hibrid formatda gerçəkləşdirilən simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Almaniya və digər ölkələrdən 50-dən çox alim və tədqiqatçı qatılıb.