AMEA Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması üzrə Beynəlxalq məşvərət komitəsinin iclasında iştirak edib.

İnstitutdan bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın rəhbərliyi ilə keçirilən tədbirdə türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması üzrə layihənin konseptual əsasları, strateji yol xəritəsi müzakirə olunub, hazırlanacaq topluların strukturu, məzmunu, təqdimat forması ilə bağlı yanaşmalar dinlənilib.

Fondun türk mədəniyyəti və irsinin qorunması, təbliği və tədqiqi ilə bağlı həyata keçirdiyi bir sıra layihələrdən danışan Aktotı Raimkulova qeyd edib ki, türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması təşəbbüsü Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Bununla əlaqədar Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə 2025-ci ilin sonuna kimi çoxdilli və çoxcildli folklor toplusunun birinci cildinin nəşri planlaşdırılır.

Dosent Hikmət Quliyev çıxışında türk dövlətləri ilə mədəni-mənəvi əlaqələrin dərinləşdirilməsinin Azərbaycanda dövlət siyasəti olduğunu qeyd edib. Vurğulayıb ki, bu istiqamətdə bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən Folklor İnstitutunda mühüm işlər həyata keçirilməkdədir. Alim qeyd edib ki, türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması ortaq türk mədəni dəyərlərinin müəyyənləşdirilməsi, aktuallaşdırılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Macarıstandan olan məsul şəxslər, alim və mütəxəssislər çıxış edərək türk xalqlarının çoxdilli və çoxcildli folklor toplusunun hazırlanması ilə əlaqədar düşüncələrini bölüşüblər.