Ötən il turizm sahəsində rekord göstəricilərə nail olan Türkiyə 2025-ci ildə hədəflərini daha da böyüdüb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkəyə xaricdən 62 milyon 270 min turist gəlib. Bu, bir öncəki illə müqayisədə 9,8 faiz artım deməkdir. Ötən il Türkiyədə turizm sektorunun ümumi gəliri 60 milyard dolları keçib.

Cari ildə hədəf 65 milyon turist qəbul etmək və 64 milyard dollar gəlir əldə etməkdir. Bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Türkiyənin hər il turizm sahəsində yeni rekordlara imza atdığını deyən nazir 2017-ci ildən indiyədək ölkədə adambaşına gecəlik turizm gəlirinin 31 faiz artaraq 83 dollardan 108 dollara yüksəldiyini söyləyib.

O, həmçinin diqqətə çatdırıb ki,  ötən il Türkiyəyə ən çox turist Rusiya (6,7 milyon), Almaniya (6,6 milyon) və Böyük Britaniyadan (4,4 milyon) gəlib.  Bu il isə Türkiyə Rusiya və Almaniyanın hər birindən 7 milyon turist gözləyir.

Turizm sektorunun bütün ölkə üzrə il boyu davam etməsi məqsədilə qastronomiya, mədəni irs və alternativ turizm məhsullarının ön plana çıxarıldığını bildirən Ersoy arxeoloji qazıntılar və muzeylər kimi layihələrin böyük maraq gördüyünü vurğulayıb. Türkiyənin dünyada ən çox arxeoloji qazıntılar aparılan ölkə olduğunu qeyd edən nazir 2026-cı ilə qədər belə məkanların sayının 800-ə çatdırılacağını bildirib.

Yeri gəlmişkən, Türkiyənin Şanlıurfa vilayətindəki 12 min il yaşı olan Göbeklitəpə məbəd kompleksi arxeoloji turizmin ən cəlbedici məkanıdır. 2018-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Göbeklitəpə kompleksi 2019-cu ildə ziyarətə açılıb. Ötən müddətdə (2020-2021-ci illərin pandemiya ilə bağlı karantini də nəzərə alınmaqla) bu məkana 3,5 milyondan çox yerli və xarici turist gəlib.

Türkiyədə son illər turizmin inkişafına mühüm töhfə olan layihələrdən biri də Mədəniyyət Yolu Festivalıdır. 2021-ci ildə əsası qoyulan festival bu il 20 şəhəri əhatə edəcək. 

Dünyanın ən böyük festivalı sayılan Türkiyə Mədəniyyət Yolu Festivalının 2025-ci il proqramı 5 apreldə Adanada başlayacaq. 8 ay davam edəcək festival noyabrda Antalyada yekunlaşacaq.

Vüqar Orxan