Qazaxıstan Mərakeş Krallığının suverenliyini və ərazi bütövlüyünü, eləcə də 2007-ci ildə Mərakeş tərəfindən Sahara bölgəsi üçün təqdim edilmiş muxtariyyət planını dəstəkləyir. Bunu Qazaxıstan Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu fevralın 28-də Mərakeşin paytaxtı Rabata səfəri zamanı ifadə edib.
Bu mövqe iki ölkə arasında keçirilmiş danışıqlardan sonra Murat Nurtleu və Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri Nasser Buritanın imzaladığı birgə bəyanatda da əksini tapıb. Bəyanatda Qazaxıstan tərəfin "Mərakeş Krallığının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi, bu kontekstdə Mərakeş tərəfindən təqdim edilən Muxtariyyət Planını Sahara məsələsinə danışıqlar yolu ilə siyasi həll tapmaq üçün ciddi və etibarlı baza kimi alqışladığı" bildirilir.
Mərakeşin Bakıdakı səfirliyinin bu barədə yaydığı məlumatda qeyd olunur ki, sözügedən dəstək Mərkəzi Asiya regionunda Qazaxıstanın aparıcı rolu nəzərə alınaraq xüsusi əhəmiyyət kəsb edir. Bununla Qazaxıstan Mərakeş Krallığının cənub vilayətləri ətrafındakı regional münaqişəyə yeganə həll yolu kimi muxtariyyət planına geniş beynəlxalq dəstəyə qoşulur.
Birgə bəyanatda, həmçinin BMT Baş katibi və onun şəxsi elçisinin Sahara məsələsinə dair həyata keçirdiyi səylərin "Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində müəyyən edilmiş parametrlərə uyğun olaraq yüksək qiymətləndirildiyi" vurğulanıb.
Xatırladaq ki, Mərakeşin Sahara məsələsinə dair muxtariyyət planı BMT-nin müvafiq qətnamələrində təqdir olunub. BMT Təhlükəsizlik Şurasının bununla 31/10/2024-cü ildə qəbul edilən 2756 saylı axırıncı qətnaməsi muxtariyyət təşəbbüsünün ciddiliyi və etibarlılığını, eləcə də Mərakeş Saharası ətrafındakı süni münaqişəyə dair siyasi, realist, praqmatik, davamlı və kompromis həll parametrlərini təsdiqləyərək, BMT siyasi prosesinin aparılması üçün yeganə çərçivə kimi dəyirmi masa formatını təşviq edib.