Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi 19-25 fevral tarixlərində Türkiyənin Trabzon vilayətinin Akçaabad rayonunda keçirilən XII “Erol Günaydın Teatr Günləri" festivalında iştirak edir.
Kollektiv ölkəmizin ilk dəfə təmsil olunduğu festivala fransız yazıçısı Viktor Hüqonun "Edama məhkumun son günü" əsəri əsasında hazırladığı eyniadlı tamaşa ilə qatılıb.
Fevralın 23-də trabzonlu teatrsevərlərə təqdim olunan səhnə əsəri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Mir Qabil Əkbərovun quruluş verdiyi tamaşada əsas rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, gənc aktyorlar Məmməd Mehdiyev və Səkinə Məmmədova canlandırıblar.
Nümayişdən sonra Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyev çıxış edərək teatrın tarixi və keçdiyi inkişafı yolu haqqında ətraflı məlumat verib. O, 1918-ci ildə Kazım Qarabəkir paşanın Naxçıvan teatrında Namiq Kamalın "Vətən, yaxud Slistirə" əsərinin tamaşasına quruluş verməsini xatırladaraq bunun Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə həm də sənət töhfəsi olduğunu vurğulayıb.
Sonda sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun "Naxçıvan teatrının salnaməsi (1883-2008)" kitabı Akçaabad Bələdiyyəsinin mədəniyyət və sosial işlər müdiri Turhan Bektaşoğluna hədiyyə edilib.