F.Köçərli adına Respublika Uşaq Kitabxanasında paytaxtın 245 saylı orta ümumtəhsil məktəbinin şagirdlərinin iştirakı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dili varlığımızdır” adlı tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, tədbirdə çıxış edənlər ana dilimizin zəngin tarixindən danışıb, Beynəlxalq Ana Dili Gününün mədəni irsin davamlılığı baxımından nə qədər mühüm bir mövzu olduğu barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, ana dilinin varlığını hiss etmək, ona hörmətlə yanaşmaq, onu qorumaq və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ana dili xalqın ruhunun, tarixinin, mədəniyyətinin və kimliyinin əbədi izidir.
Şagirdlər Bəxtiyar Vahabzadənin “Ana dili”, Süleyman Rüstəmin “Dilimə dəymə” və Tofiq Bayramın “Ana dilim” şeirlərini söyləyiblər.
Daha sonra şagirdlərə kitabxananın zəngin kitab fondu haqqında məlumat verilib. Onlara kitabxananın nəşr etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə olunub.