ADA Universitetinin müəllim və tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasını ilk dəfə peşəkar teatr səhnəsində təqdim ediblər.
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gəncə Dövlət Milli Dram Teatrında tamaşa nümayişi Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və teatrın dəstəyi ilə reallaşıb.
ADA Universitetinin rektoru Hafiz Paşayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, digər rəsmilər, millət vəkilləri də tamaşaya baxaraq gənc ifaçılara dəstək olublar.
Tamaşanı ADA Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi, Rəqs və Teatr klublarının həvəskar gənclərdən ibarət heyəti ərsəyə gətirib.
Onların ifasında “O olmasın, bu olsun” tamaşası ilk dəfə bu il martın 6-da ADA Universitetinin 20 illik yubileyi münasibətilə nümayiş olunub.
Bundan əvvəl yaradıcı tələbə-gənclər dahi bəstəkarın digər şah əsəri — “Arşın mal alan” operettasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində uğurla təqdim ediblər.


























