Avqustun 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində “Klassik musiqi həvəskarları klubu”nun təşəbbüsü ilə görkəmli dirijor və bəstəkar Niyazinin (20.8.1912 – 2.8.1984) xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Mənzil muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözündə maestro Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən, onun zəngin yaradıcılıq irsindən danışıb.

Tədbirin bədii hissəsində fortepianoda musiqişünas Sevinc İbrahimova, müsabiqələr laureatı, Tallinn Musiqi və Balet Məktəbinin (Estoniya) tələbəsi Şirin Əmiraslanova və Xırdalan şəhər onbirillik Musiqi məktəbinin şagirdi Buta Yusubovanın təqdimatında səsləndirilən musiqi nömrələri böyük maraqla qarşılanıb.

Musiqi nömrələri Niyazinin fotoşəkillərdən ibarət slayd-şou və videoyazılarla müşayiət olunub.

Tədbirin sonunda muzeyin əməkdaşı Əzirə Abdullayeva qonaqlar üçün maestronun həyat və yaradıcılığı haqqında ekskursiya aparıb.